Kuala Lumpurda Xocalı faciəsinə həsr olunan minifutbol üzrə yoldaşlıq görüşü keçirilib
Kuala Lumpur, 19 fevral, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində yerləşən “Sport Planet Ampang” idman mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan minifutbol üzrə yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, yoldaşlıq görüşündə səfirliyin əməkdaşları, Malayziyada təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, yerli futzal oyunçuları iştirak ediblər. Komandalar meydançaya üzərində ingilis dilində “Xocalıya Ədalət” sözləri yazılmış, Azərbaycanın dövlət bayrağının rənglərində hazırlanan idman formalarında çıxıblar.
Tədbir zamanı səfirlik əməkdaşları tərəfindən iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib.
Oyundan əvvəl iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur