KÜR ÇAYININ SƏRFİ NİSBƏTƏN AZALMIŞDIR
Bakı, 2 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə avqust ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 17,6 kubmetr/saniyə azalaraq 89,6 kubmetr/saniyə təşkil etmişdir.
Nazirlikdən verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri 2, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə normadan artıq olmuşdur.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 5,73 kubmetr/saniyə olmuşdur. Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri və fenollar 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.