KÜR VƏ ARAZ ÇAYLARINDA NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLMİŞDİR
Bakı, 5 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinq keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, iyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi bu ayın II ongünlüyünə nisbətən 48 kubmetr/saniyə artaraq 480 kubmetr/saniyə təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 348 kubmetr/saniyə olmuşdur. Belə ki, Horadiz və I Şahsevən məntəqəsində fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 2 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.