KÜVEYTİN NÜFUZLU QƏZETİNDƏ 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI MƏQALƏ DƏRC OLUNMUŞDUR
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində “İnternational Herald Tribune” ilə birgə körfəz regionunda nəşr edilən “Al-Watan Daily” qəzetinin 20 yanvar nömrəsində səfir Şahin Abdullayevin “Qara yanvar faciəsinin 20-ci ildönümü: 1990-cı il 20 Yanvar, Bakıda sovet qoşunlarının müdaxiləsi və günahsız mülki şəxsləri qətlə yetirməsi” adlı geniş məqaləsi dərc edilmişdir.
Səfirlikdən bildirmişlər ki, məqalədə 1990-cı il yanvarın 20-də kommunist rejimini xilas etmək və Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq üçün sovet qoşunlarının Bakıya hücum etdiyi və 140-dan çox insanı qətlə yetirdiyi, 700 nəfərdən artıq şəxsi yaraladığı qeyd olunmuşdur.
Günahsız əhalinin öldürülməsinə görə Mixail Qorbaçovun şəxsən məsuliyyət daşımasına baxmayaraq, Qərb dairələrində “sülhpərəst”, “demokrat” kimi tanınan bu şəxsin “sülh proseslərində oynadığı mühüm rola” görə 1990-cı ilin oktyabrında Nobel sülh mükafatına layiq görülməsinin ziddiyyətli olduğunu yazan səfir Ş.Abdullayev M.Qorbaçovun əsassız və mənəvi dəyərlərə sığmayan iddialarla bu qanlı müdaxiləyə bəraət qazandırmağa çalışdığını da qeyd edir.
“Human Rights Watch” təşkilatının “Black January in Azerbaijan” adlı hesabatına istinadən bu qanlı əməliyyatın həyata keçirilməsi ilə sovet rəhbərliyinin güddüyü çirkin məqsədlər bir daha ifşa olunmuşdur.
Məqalədə vurğulanmışdır ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsini boğa bilməmiş və 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etmişdir.