Laboratoriyaların diaqnostik qiymətləndirilməsinin nəticələrinə dair görüş keçirilib



Bakı, 18 oktyabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsinin nəticələrinə dair görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində məqsəd sözügedən Tədbirlər Planında nəzərdə tutulan tapşırıqlar istiqamətində görülən işlər, texniki tənzimləmə sahəsində mövcud vəziyyətin diqqətə çatdırılması və yaranmış suallarla bağlı müzakirələrin təşkili olub.
Tədbirdə Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev, Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Emin Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB mühitinin təkmilləşdirilməsi şöbəsinin müdiri Altun Yasinli texniki tənzimləmənin şamil olunduğu malların sınaqlarının aparılmasının əhəmiyyəti, həmçinin texniki tənzimləmə sisteminin qurulması istiqamətində görülən işlərin icra vəziyyətini diqqətə çatdırıblar. O cümlədən laboratoriya şəbəkəsinin optimallaşdırılmasında akkreditasiyanın rolundan və keyfiyyət standartları üzrə uyğunluğun təmin edilməsinin vacibliyi qeyd olunub. Habelə mövcud laboratoriyaların təkmilləşdirilməsi və yeni laboratoriyaların yaradılması istiqamətində sahibkarlıq subyektlərinə dəstək mexanizmləri barədə məlumat verilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təcrübənin və ölkə ərazisində qüvvədə olan standartlaşdırma üzrə normativ sənədlərin tələbləri nəzərə alınmaqla 34 qeyri-qida istehlak malları kateqoriyası istiqamətində 818 növ məhsula dair ilkin olaraq yoxlanılmalı olan 3817 təhlükəsizlik parametri müəyyən edilib.