Laçın yolunda vətəndaşların sərhədi keçməsi qaydalara uyğun təşkil olunur
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla şərti sərhəddə sərhəd - buraxılış məntəqəsi yaratmaqla öz ərazi bütövlüyünün və suverenliyinin qorunması istiqamətində tarixi bir addım atdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Kamilə Əliyeva bildirib.
Deputat vurğulayıb ki, qonşu ölkə ilə sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması beynəlxalq qanunlarla tənzimlənən hüquqi bir addımdır.
Sərhədçilərimizin yüksək peşəkarlıq nümayiş etdirdiklərini diqqətə çatdıran deputat deyib: “Vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir. Azərbaycan sərhədçiləri öz vəzifələrini qanunvericiliyə müvafiq şəkildə peşəkarlıqla yerinə yetirirlər. Vətəndaşların sərhəddən keçmələri ilə bağlı yayılan kadrları izləyən hər kəs, o cümlədən Ermənistanı dəstəkləyən dövlətlərin rəsmiləri də şahid oldular ki, Qarabağda guya ermənilərin "blokada"da olması və onların "etnik təmizlənməyə" məruz qalması barədə yaydıqları xəbərlər əsassızdır və böhtan xarakterlidir. Əksinə, xoş niyyətlə, qayda qanunlara riayət edən hər kəs sərhəd yoxlamasından təhlükəsiz şəkildə keçə bilər”.
Kamilə Əliyeva qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edərək Laçın yolunda sərhəd keçidində nəzarəti təmin edib və orada hər şey qayda-qanun çərçivəsində təşkil olunub.