Lənkəranda iki min aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb
Lənkəran, 21 aprel, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Lənkəran Şəhər İcra Hakimiyyəti və rayondakı idarə və təşkilatlar, ayrı-ayrı iş adamları tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımlarının göstərilməsi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək rayonun müxtəlif yaşayış məntəqələrində yaşayan 2000 aztəminatlı ailəyə daxili imkanlar hesabına ərzaq yardımları paylanılıb.
Xeyirxah təşəbbüsə sahibkarlarla yanaşı, Lənkərandan olan deputatlar da qoşulublar. 73 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Rüfət Quliyevin dəstəyi ilə 150 aztəminatlı ailəyə müxtəlif çeşidli ərzaq bağlamaları paylanılıb.
“Green East” MMC tərəfindən də daha 50 ailəyə, ümumilikdə isə 100 aztəminatlı ailəyə ərzaq bağlamaları verilib.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.