Lənkəranlı gənclər şəhid ailəsinə və qaziyə baş çəkiblər
Lənkəran, 5 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan şəhər 6 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən ehtiyatda olan hərbi qulluqçu, baş leytenant Ehtiram Hüseynli və şəhid, müddətdən artıq xidmət edən hərbi qulluqçu, Lənkəran şəhər sakini Fariz Zülfüqarzadənin ailə üzvlərinə baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, lənkəranlı gənclər 44 gün davam edən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edərək Azərbaycan xalqının öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırıblar.
Qeyd olunub ki, dövlətimiz tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralananlar və onların ailələri hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunur.
Gənclər gətirdikləri yeni il hədiyyələrini şəhid ailəsinin və Vətən müharibəsi döyüşçüsünün uşaqlarına veriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş baş leytenant Ehtiram Hüseynli “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid Fariz Zülfüqarzadə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün “İgidliyə görə” medalı, Azərbaycan Respublikasının Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.