Lerikdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Lerik, 1 aprel (AZƏRTAC). Lerik Rayon İcra Hakimiyyətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 1918-ci ilin martında Bakıda və digər bölgələrdə daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə məlumat vermişdir.
Bu soyqırımına ümummilli lider Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymətin verildiyini vurğulayan R.Bağırov qeyd etmişdir ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizlə bağlı həqiqətlərin təbliği istiqamətində intensiv iş aparılır. Bunun nəticəsidir ki, artıq Meksika və Pakistan senatları, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini pisləmiş, Dağlıq Qarabağda, Xocalıda azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsi ilə bağlı qətnamələr qəbul etmişlər.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov 1918-ci ilin mart soyqırımı ilə bağlı məruzə etmişdir.
Əsrlər boyu erməni millətçilərinin Azərbaycan torpaqlarında “Dənizdən-dənizə Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olduqlarını, bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atdıqlarını və bənzəri olmayan vəhşiliklər törətdiklərini bildirən natiq XIX və XX əsrlərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qaldığını diqqətə çatdırmışdır.
Çıxış edənlər azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin tarixi köklərindən danışaraq xalqımıza qarşı törədilmiş bütün bu cinayətlərin beynəlxalq miqyasda tanınması üçün Azərbaycan dövlətinin hər bir vətəndaşının fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulamışlar. Natiqlər Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində torpaqlarımızın tezliklə azad olunacağına və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığına əminliklərini ifadə etmişlər.