LERİKLİLƏR 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ BÖYÜK EHTİRAMLA YAD ETMİŞLƏR
Lerik, 20 yanvar (AZƏRTAC). Lerik rayonunda Azərbaycan xalqının tarixinə qanlı faciə kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin iyirminci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir.
Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ərazi icra nümayəndəliklərində anma mərasimləri, konfranslar, “dəyirmi masa”lar, ədəbi-bədii gecələr, müxtəlif müsabiqələr və yanvarın 19-da rayonun tədris müəssisələrində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, rayon tarix-diyarşünaslıq muzeyində 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən fotostend hazırlanmış və bu qırğına həsr olunmuş qəzet, jurnal və kitabların sərgisi təşkil edilmişdir.
Yanvarın 20-də Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin, ağsaqqalların, ziyalıların nümayəndələri, şəhər əhalisi “Şəhidlər” abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzmüş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə xalq şairi Bəxtiyar Vahabzadənin 20 Yanvar faciəsinə həsr etdiyi “Şəhidlər” poemasının motivləri əsasında bədii özfəaliyyət kollektivlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.