CƏMİYYƏT
Leyla Həsənova: Məktəblərdə COP29-un irəli sürdüyü məsələlər tətbiq edilməlidir
Bakı, 2 oktyabr, AZƏRTAC
“İqlim dəyişikliyi üzrə gündəliyi formalaşdırmağa başlayırıq”.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində keçirilən “İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir” mövzusunda dəyirmi masada COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi haqqında dialoqlarda uşaqları əsas prioritet kimi qəbul etmək lazımdır: “Uşaqlar bizim gələcəyimizdir və iqlim dəyişikliyi ilə bağlı müzakirələrin davam etdirilməsi, problemin həlli gənc nəslə ötürülür. Biz onlara təhlükəsiz bir dünya ötürməliyik. Yaratdığımız strategiyalar uşaqlarımızın xoşbəxt gələcəyini təmin edir. Fikrimcə, insan kapitalına olan sərmayələr artırılmalı, məktəblərdə və digər yerlərdə COP29-un irəli sürdüyü məsələlər tətbiq edilməlidir”.