LİTVA SEYMİNİN DEPUTATLARI 20 YANVAR QURBANLARININ XATİRƏSİNİ BİR DƏQİQƏLİK SÜKUTLA YAD ETMİŞLƏR
Vilnüs, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Litva Seyminin deputatları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Litva siyasətçilərinin xoş məramı və xalqımızın dərdinə şərik olmaları Seymin sədrinin müavini Çeslovas Stankyaviçyusun təşəbbüsü sayəsində mümkün olmuşdur. Hər bir parlament üzvünün stoluna Azərbaycanın Litvadakı səfirliyinin Litva və ingilis dillərində hazırladığı informasiya bukletləri qoyulmuşdu.
Xüsusi vurğulanmalıdır ki, Litvadakı səfirliyimiz bir ay ərzində 20 Yanvar şəhirdlərinin xatirəsinin anılması ilə bağlı müxtəlif tədbirlər keçirmiş, Litva ictimaiyyəti KİV-lər vasitəsilə Qara yanvar faiciəsi haqqında məlumatlandırılmışdır.
Yanvarın 20-də diplomatik nümayəndəliyimizin binası qarşısında dövlət bayrağı endirilmişdir. Səfir Nairə Şahtaxtinskaya Qara Yanvar qurbanlarının xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan etmişdir. Səfirlikdə bu dəhşətli faciədən söz açan xüsusi fotostend yaradılmışdır.
Səfir N.Şahtaxtinskaya yanvarın 13-də Litva xalqı üçün faciəli olan hadisələrlə bağlı tədbirlərdə - 1991-ci ilin Vilnüs hadisələri zamanı Litvanın müstəqilliyi uğrunda mübarizəyə qalxmış qəhrəmanların anma mərasimində iştirak etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs