MƏDƏNİYYƏT
Litvanın xəbər portalı Bakı Şopinq Festivalından yazıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Litvanın “Slaptai.lt” saytında Bakı Şopinq Festivalı barədə “Azərbaycan turizmin inkişafına yönəlib” sərlövhəli məqalə dərc olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.
Litvalı jurnalist Leonas Yurşa yazır ki, turizm dünya iqtisadiyyatının ən perspektivli, dinamik və gəlirli sahəsidir. İndi bu fakt Azərbaycanda daha böyük önəm qazanmaqdadır.
Məqalədə qeyd olunur ki, son illər Azərbaycanda bu sektora böyük diqqət yönəlib.
Dövlət öz qarşısına turizm sektorunu ölkə iqtisadiyyatının potensial lokomotivinə çevirmək məqsədi qoyub və bunun üçün bütün imkanlar var: “Azərbaycan çox parlaq və koloritli ölkədir. Burada Avropa və Asiya mədəniyyətləri qovuşur. Ölkə ərazisində çoxlu görməli yerlər, qədim şəhər və məscidlər, dəbdəbəli saray və monumental qalalar var. Xəzərin sahili isə gözəl çimərlikləri və kurortları ilə məşhurdur”.
Turizmin Azərbaycanda dövlət səviyyəsində iqtisadiyyatın prioritet sahələrindən biri kimi tanındığını deyən müəllif onu da qeyd edir ki, bu, dövlətin iqtisadi, siyasi və sosial maraqlarının ifadə olunması üçün ən vacib alətlərdən biridir.
Yazıda bildirilir ki, Azərbaycan Prezidentinin turizmi prioritet sahələrdən biri kimi qeyd etməsi təsadüfi deyil. Yazıda ölkə başçısının son olaraq, MDB dövlət başçılarının Soçi sammitində turizmlə bağlı verdiyi bəyanatlara geniş yer verilib.
Müəllif daha sonra Azərbaycanda ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif tədbirlərin həyata keçirildiyini bildirir və qeyd edir ki, Bakıda təşkil olunan şopinq festivalları da bu baxımdan böyük önəm daşıyır.
Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda sayca ikinci şopinq festivalının keçirildiyini bildirən müəllif yazır ki, Azərbaycan rəhbərliyi turizm sektorunu inkişaf etdirmək üçün siyasi iradə nümayiş etdirir.