Maarifləndirmə tədbirində iştirakçılara partlayıcı sursatların təhlükəsi haqqında məlumat verilib
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşəbbüsü ilə icra hakimiyyəti, rayon ərazisində fəaliyyət göstərən keçmiş məcburi köçkün ümumtəhsil və peşə məktəbləri nümayəndələrinə, müvafiq qurumların əməkdaşlarına, eləcə də rayonun ictimai həyatında yaxından iştirak edən partiya üzvlərinə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Minatəmizləmə Agentliyinin Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, eləcə də ANAMA və YAP-ın məsul nümayəndələri iştirak ediblər.
Tədbirin məqsədi mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas istiqamətlərindən biri olan partlayıcı sursatların təhlükəsi haqqında biliklərin artırılmasıdır.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov açılış mərasimində qeyd edib ki, minalar və müharibənin partlamamış hərbi qalıqları münaqişələr başa çatdıqdan sonra onilliklər boyu təhlükəsizliyə, inkişafa böyük əngəl törədir. Təəssüf ki, minalardan zərərçəkmiş vətəndaşlarımız da var. Bu kimi halların qarşısını almaq üçün Agentlik tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Vətəndaşların doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması görülən işlərin əsas məqsədidir.
ANAMA-nın idarə rəisi Ramil Əzizov bildirib ki, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunan qurumların nümayəndələri, mülki əhali, eləcə də müharibənin təsirinə məruz qalmış rayonlarda yaşayan sakinlər arasında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm rol oynayır. Bu sahədə ANAMA tərəfindən ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və məktəblərdə tədbirlər təşkil olunur.
Tədbirdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, davranış qaydaları, mina haqqında yanlış təsəvvürlər barədə iştirakçılara məlumat verilib, minalanmış ərazilərin əlamətləri, eləcə də təhlükə anında atılması vacib addımlar iştirakçıların diqqətinə çatdırılıb.
Həmçinin müxtəlif növ mina və sursatların vizual tanınması məqsədilə maketlər nümayiş olunub.