Macarıstanda əməkhaqqı hələ də Avropa İttifaqının orta səviyyəsindən geri qalır
Budapeşt, 25 sentyabr, AZƏRTAC
Birbaşa xarici investisiyalar sayəsində Macarıstan Avropa İttifaqının (Aİ) orta göstəricisi ilə müqayisədə maaş fərqini əhəmiyyətli dərəcədə azaldıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, respublika gələcəkdə iqtisadi artım tempini saxlamaqla öz ölkəsində və bütövlükdə Aİ-də gəlir fərqini azaltmağa yönələn kursu davam etdirəcək.
Son iki onillikdə adambaşına düşən gəlir 2010-cu ildə Aİ üzrə orta göstəricinin 66 faizindən 2022-ci ildə 76 faizə qədər davamlı olaraq artmışdır. Statistika idarəsi Macarıstanda maaşların iyul ayında artmağa davam etdiyini bildirib. Hazırda orta xalis əməkhaqqı təxminən 440.000 forint (1 avro = 395 forint) təşkil edir, əməkhaqqının alış dəyərindəki artım 10 faizə yaxınlaşır.
Vəziyyətin yaxşılaşması əsasən Macarıstanın qlobal istehsal zəncirlərinə, xüsusən də avtomobil sektoruna inteqrasiyası, eləcə də elektromobil və akkumulyator istehsalına birbaşa xarici investisiyaların artması ilə bağlıdır.
Ümumi iqtisadi artıma baxmayaraq, regional gəlir bərabərsizliyi Macarıstanda ciddi problem olaraq qalır. Ölkənin paytaxtı Budapeşt regionun qalan hissəsini üstələyir, ən zəif inkişaf etmiş cənub və şimal bölgələrində isə aşağı artım müşahidə olunur. Təhlilə görə, bu regionlar təhsil, rəqəmsallaşma, infrastruktur və sağlamlıq vəziyyəti də daxil olmaqla bir sıra göstəricilər üzrə ölkədə orta göstəricidən geri qalmaqda davam edir.
Macarıstan iqtisadiyyatı, digər Avropa və qlobal iqtisadiyyatlar kimi, iqtisadiyyatın və müxtəlif sektorların yenidən qurulmasını tələb edən ikiqat rəqəmsal və “yaşıl” keçid yaşayır. Media qeyd edir ki, məqsədyönlü tədbirlər görülməsə, regional bərabərsizlik daha da arta bilər, çünki yüksək gəlirli regionlar öz nailiyyətlərindən üstünlərini istifadə edir, daha kasıb regionlar isə nisbətən inkişaf etmiş regionlarla ayaqlaşmaqda getdikcə daha çox çətinlik çəkir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt