Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupun ilk iclası keçirilib
Bakı, 13 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış və sədrliyi Mərkəzi Banka həvalə edilmiş Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupun sentyabrın 13-də Mərkəzi Bankda ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Daxili və xarici təsirlərə dayanıqlıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2023-cü ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat verilib, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində işçi qrupun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılıb, habelə növbəti addımlar müəyyən edilib.
İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.