Malayziya ictimaiyyəti Dağlıq Qarabağda baş verən son hadisələr barədə məlumatlandırılıb
Tokio, 7 aprel, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son vəziyyətlə əlaqədar tədbir keçirilib.
Əvvəlcə erməni silahlı birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra mərasimi giriş sözü ilə açan səfir Qaley Allahverdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara geniş məlumat verib. 0, Ermənistanın işğalçı siyasətini davam etdirməsi səbəbindən son günlər cəbhə xəttində gərginlik yarandığını, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin ağır silahlardan intensiv atəşə məruz qaldığını, həmçinin cəbhə bölgələrində yaşayan dinc əhalinin Ermənistan ordusu tərəfindən hədəfə alındığını və bunun nəticəsində hərbçilərlə yanaşı, mülki şəxslərin də həlak olduğunu bildirib. Səfir deyib ki, məhz bundan sonra ordumuz düşməni susdurmaq üçün əməliyyatlara başlayıb, uzun illər işğal altında qalmış ərazilərimizin bir hissəsini düşməndən azad edib.
Diplomat, həmçinin cəbhədə yaranmış gərginliklə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Malayziyada akkreditə olmuş Türkiyə və Özbəkistan səfirliklərinin əməkdaşları, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.
Sonda cəbhədə həlak olmuş əsgərlərimizin ruhuna dualar oxunub, ehsan verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio