Mançester şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Böyük Britaniyanın Mançester şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 27-də burada Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilmişdir. Aksiya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Mançester Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuşdur. Mançesterdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılmış Mançester Azərbaycan Cəmiyyəti artıq 2 ildir ki, respublikamızın tanıdılması üçün müxtəlif tədbirlər həyata keçirir.
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı təşkil olunmuş aksiyada, azərbaycanlı tələbələrlə yanaşı, türkiyəli və qazaxıstanlı həmkarları da fəal iştirak etmişlər. Tədbir Mançester Universitetinin əsas binasının yaxınlığındakı University Place meydanında bir neçə saat ərzində “Xocalıya ədalət! - Qarabağa azadlıq!”, “Erməni təcavüzünə son qoyulsun!”, “Bir daha soyqırımılar yaşanmasın!”, “Daha uşaqlar öldürülməsin!” kimi şüarlar səsləndirilməklə davam etmişdir.
Aksiya Mançester Universitetinin müəllim və tələbə heyəti tərəfindən çox böyük maraqla qarşılanmışdır. Azərbaycanlı tələbələr əvvəlcədən Mançester Azərbaycan Cəmiyyəti tərəfindən Xocalı faciəsi haqqında hazırlanmış bröşürləri təqdim edərək, onlara Xocalı hadisəsi və Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermişlər. Daha sonra aksiya iştirakçıları Mançester Universitetindən şəhərin mərkəzinə, oradan da Mançester şəhərinin bələdiyyə binasının önündəki meydana yürüş etmişlər. Yürüş boyunca ətrafdakı insanlara Xocalı faciəsi haqqında bröşürlər paylanılmış, yürüşün məqsədi barədə onlara məlumat verilmişdir. Bələdiyyə binasının önünə Xocalı faciəsini əks etdirən plakatlar və qərənfillər düzülmüşdür. Aksiyanın sonunda Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında məlumatlar olan bukletlər Mançester şəhərinin meri Riçard Leeseyə təqdim edilmək üçün bələdiyyəyə verilmişdir.