İQTİSADİYYAT
Martda “Azərenerji” ASC 1,954 milyard kilovat-saat elektrik enerjisi istehsal edib
Bakı, 2 aprel, AZƏRTAC
2018-ci ilin mart ayında “Azərenerji” ASC tərəfindən 1,954 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisinin istehsalında yüksək səmərəliliyə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi məqsədilə cari ilin mart ayında “Azərenerji” ASC tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. “Azərenerji” ASC tərəfindən cari ilin martında istehsal edilən elektrik enerjisinin həcmi 1,954 milyard kilovat-saat olub.
Qeyd edək ki, bu rəqəm 2017-ci ilin mart ayında 1,964 milyard kilovat-saat təşkil edib.
Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.
Eyni zamanda, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi - Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib. Həmçinin tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb.