Özbək jurnalist : Azərbaycan və Özbəkistan yeni əməkdaşlıq modeli formalaşdırır
Bakı, 27 avqust, AZƏRTAC
Özbəkistan və Azərbaycanı minlərlə kilometr məsafə ayırır, lakin iki xalqın tarixi və mədəni yaxınlığı bu məkanı daha da qısaldır. Ümumi ənənələr, dil qohumluğu, tarixi irsə hörmət və vahid türk mədəni məkanına mənsubiyyət uzun illər ərzində iki ölkə arasında xüsusi münasibətlərin formalaşmasına zəmin yaradıb. Bu gün həmin yaxınlıq yeni siyasi və iqtisadi məzmun qazanır. Daşkənd və Bakı arasındakı münasibətlər tədricən ənənəvi diplomatiya çərçivəsindən çıxaraq konkret layihələrə, investisiyalara, ticarətə, humanitar əlaqələrə və regionlararası əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığa çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistan Jurnalistlər İttifaqının üzvü Əzizə Alimova söyləyib.
O bildirib ki, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son dövlət səfəri rəmzi əhəmiyyət daşıdı. Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi, dövlət başçıları isə Özbəkistan ilə Azərbaycan arasında Əbədi dostluq haqqında Müqavilə imzaladılar. Bu sənəd ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olmaqla, onların daha da dərinləşdirilməsi üçün siyasi əsas yaratdı.
Siyasi dialoqdan praktik tərəfdaşlığa
Əzizə Alimovanın sözlərinə görə, Özbəkistan və Azərbaycan arasında müasir münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki, siyasi razılaşmalar getdikcə daha çox konkret iqtisadi və institusional nəticələrlə tamamlanır.
Son beş ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Bununla yanaşı, tərəflər qarşılarına daha iddialı məqsəd qoyublar - 2030-cu ilədək ikitərəfli ticarətin həcmini 1 milyard dollara çatdırmaq. Müvafiq proqram avqust sammiti zamanı imzalanıb. Bir neçə il əvvəl belə göstəricilər uzunmüddətli perspektiv kimi görünürdü. Bu gün isə iqtisadi gündəm sənaye, investisiya, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, turizm, əczaçılıq, tekstil və digər sahələri əhatə edir.
Əməkdaşlığın mühüm alətlərindən biri 500 milyon dollar kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətidir. Şirkət perspektivli birgə layihələrin maliyyələşdirilməsi məqsədilə yaradılıb.
Özbəkistan tərəfinin məlumatına görə, ölkədə Azərbaycan kapitalı ilə fəaliyyət göstərən yüzlərlə müəssisə var, özbək biznesi də Azərbaycan bazarında iştirakını genişləndirir. Son illərdə iki ölkənin şirkətləri hazır məhsul ticarətindən birgə istehsal müəssisələrinin yaradılmasına və uzunmüddətli investisiya layihələrinə getdikcə daha fəal şəkildə keçirlər.
Regionlararası əməkdaşlıq iqtisadiyyatın hərəkətverici qüvvəsi kimi
"Özbəkistan-Azərbaycan münasibətlərinin daha bir xüsusiyyəti regionlar arasında birbaşa əlaqələrə xüsusi önəm verilməsidir. 2023-cü ildən dövlət strukturlarının, biznes nümayəndələrinin və yerli hakimiyyət orqanlarının iştirak etdiyi regionlararası forumlar keçirilir. Bu əməkdaşlıq çərçivəsində artıq iki ölkənin bir sıra şəhərləri arasında qardaşlaşma əlaqələri də yaradılıb.
Sonuncu sammit zamanı bu format yeni mərhələyə yüksəlib. Urgənc və Xankəndi, Buxara və Laçın, eləcə də Urgənc və Naxçıvan arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında protokollar rəsmiləşdirilib. Belə model münasibətləri yalnız paytaxtlar arasında deyil, birbaşa regionlar, müəssisələr, universitetlər və sahibkarlar arasında qurmağa imkan verir. Bu, yeni istehsal zəncirlərinin yaradılmasına və satış bazarlarının genişləndirilməsinə çalışan iqtisadiyyatlar üçün xüsusilə əhəmiyyətlidir",- deyə Ə.Alimova vurğulayıb.
Türk dünyası qarşılıqlı fəaliyyət məkanı kimi
“Özbəkistan və Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal iştirakçılarıdır və Türk dünyası daxilində əlaqələrin inkişafını xarici siyasətin mühüm istiqamətlərindən biri hesab edirlər. Lakin bu əməkdaşlığın əhəmiyyəti mədəni kimlik çərçivəsindən daha genişdir. Söhbət Mərkəzi Asiya ölkələrinin, Qafqazın və Türkiyənin ticarət, investisiya, nəqliyyat əlaqələri, təhsil mübadiləsi və humanitar əməkdaşlığı genişləndirə biləcəyi məkanın formalaşdırılmasından gedir. Bu kontekstdə Daşkənd və Bakı arasındakı münasibətlər xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Mərkəzi Asiyanın böyük insan, sənaye və istehlak potensialına, Azərbaycan isə Cənubi Qafqaz və Xəzər regionunun mühüm nəqliyyat, energetika və logistika imkanlarına malikdir. Onların qarşılıqlı tamamlayıcılığı uzunmüddətli tərəfdaşlıq üçün möhkəm əsas yaradır”, - deyə Ə.Alimova bildirib.
Jurnalist sonda qeyd edib ki, Əbədi dostluq haqqında Müqavilənin imzalanması Özbəkistan-Azərbaycan münasibətlərinin siyasi yaxınlıqdan institusional şəkildə rəsmiləşdirilmiş strateji tərəfdaşlığa keçidinin göstəricisidir. Onun fikrincə, iki ölkənin tarixi-mədəni yaxınlığı iqtisadi və regional əməkdaşlıqla tamamlanaraq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etimad və əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.