Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir
Laçın, 26 avqust, AZƏRTAC
Belə festivallar müxtəlif ölkələrdən olan kino nümayəndələrinin bir araya gəlməsinə, təcrübə mübadiləsi aparmasına və yeni yaradıcılıq əlaqələrinin qurulmasına imkan yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın Beynəlxalq Film Festivalında kino aktyoru sənətinin inkişafındakı xidmətlərinə görə mükafata layiq görülən Xalq artisti Şamil Süleymanlı deyib.
Xalq artisti festival çərçivəsində keçirilən tədbirlərin, film nümayişlərinin və yaradıcı görüşlərin kino sahəsində çalışan peşəkarlar üçün əhəmiyyətli olduğunu bildirib.
Ş.Süleymanlı Laçında beynəlxalq film festivalının keçirilməsini xüsusi hadisə kimi dəyərləndirib: “Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir və bu cür təşəbbüslərin davamlı olması vacibdir”.
O, festivalın gələcəkdə ənənəvi xarakter alacağına və Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Xalq artisti festivalın təşkilat səviyyəsini yüksək qiymətləndirib, burada nümayiş olunan filmlərin və yaradıcı müzakirələrin kino sənətinin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Müxbir - Fidan Əlizadə