SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb
Bakı, 27 avqust, AZƏRTAC
2025-ci ilin nəticələri SOCAR üçün yalnız maliyyə göstəricilərində artım ili deyil, eyni zamanda, əməliyyat səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq biznes portfelinin genişləndirilməsi ilə xarakterizə olunan dövr olub.
AZƏRTAC xəbər verir ki, aktivlərin və kapitalın artması, uzunmüddətli öhdəliklərin isə azalması 2025-ci ilin nəticələrini yalnız mənfəətlilik baxımından deyil, balans göstəriciləri baxımından da fərqləndirir. Bu dinamika SOCAR-ın cari fəaliyyətini uğurla davam etdirməklə yanaşı, uzunmüddətli inkişaf və investisiya imkanlarını dəstəkləyən maliyyə bazasını qoruduğunu göstərir.
SOCAR-ın ümumi aktivləri 2025-ci ildə 2,3 faiz və ya 2,15 milyard manat artaraq 96,85 milyard manata yüksəlib. Cari aktivlər 7,4 faiz və ya 2,11 milyard manat artaraq 30,56 milyard manata çatıb. Şirkətin ümumi aktivləri ümumi öhdəliklərini 49,93 milyard manat üstələyib.

Uzunmüddətli öhdəliklər 24,2 milyard manatdan 18,7 milyard manata enib. Təxminən 5,5 milyard manatlıq azalma şirkətin uzunmüddətli maliyyə yükünün azalmasına və maliyyə mövqeyinin möhkəmlənməsinə töhfə verib.

Ümumi kapital 2025-ci ildə 2,6 faiz artıb. 2021-2025-ci illər ərzində isə SOCAR-ın ümumi kapitalında 2,2 dəfə artım qeydə alınıb.
Aktivlərin və kapitalın artması ilə yanaşı, uzunmüddətli öhdəliklərin azalması SOCAR-ın maliyyə dayanıqlılığını dəstəkləyən əsas göstəricilər sırasındadır.
