Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq
Bakı, 26 avqust, AZƏRTAC
İlk növbədə azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm ki, sonadək bizi dəstəklədilər. Bu, çox xoş və dəyərli idi, meydanda bizə böyük kömək olurdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Bakının da ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda Belçikaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Məğlubiyyətin əsas səbəbinə toxunan voleybolçu üçüncü setdə buraxılan xətaların həlledici olduğunu vurğulayıb: “Üçüncü seti məhz öz səhvlərimizə görə uduzduq. Ard-arda 8–9 xalı gətirə bilmədik. Təbii ki, bundan sonra komandada ruh düşkünlüyü yarandı və bu da yekunda məğlubiyyətə gətirib çıxardı”.
Əvvəlki qələbələrin komandada arxayınlıq yaratmadığını bildirən Ruban rəqibin üstünlüyünü etiraf edib: “Biz matça tam hazır və mübarizə aparmaq əzmində idik. Fikrimcə, rəqib bu gün bizdən daha güclü idi. Biz onlarla başabaş mübarizə apara bilərdik, lakin Belçika üstün tərəf oldu”.
Həlledici qarşılaşmalardan sonra komandada əhval-ruhiyyənin düşmədiyini qeyd edən təcrübəli idmançı turnir cədvəlinin vacibliyini diqqətə çatdırıb: “Biz yalnız qələbə üçün hazırlaşırdıq, sonadək döyüşmək və qalib gəlmək istəyirdik. Turnir cədvəli bizim üçün çox vacibdir, lakin təəssüf ki, bu dəfə istədiyimizi reallaşdıra bilmədik”.
Dörd oyundan sonra 8 xalı olan Azərbaycan millisi Niderland və Belçika ilə birlikdə ilk 3 pilləni bölüşdürür. Yığma daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı 3:2 hesabı ilə üstələyib.