Masallının Gəyəçöl kəndində Şəhidlər Parkı açılıb
Masallı, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 18-də Masallı rayonunun Gəyəçöl kəndinin mərkəzində inşa edilmiş Şəhidlər Parkı istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, şəhidlərin doğmaları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.
Parkın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə abidə ucaldılması kəndin ictimai-siyasi həyatında çox mühüm hadisədir. “Xalqımızın ümummilli lideri Heydər Əliyev mənfur düşmənlərimizin hiyləsi və əli ilə sovetlər birliyinin rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Dağlıq Qarabağ ətrafında başlanan münaqişə nəticəsində minlərlə şəhid verdik. Ulu Öndər Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra torpaqlarımızın itirilməsinin qarşısı alındı, 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalandı. Bundan sonra nizami ordu quruculuğuna başlanıldı”, - deyə Şahin Məmmədov qeyd edib.
Diqqətə çatdırılıb ki, Gəyəçöl kəndinin 6 şəhidi var. Şəhidlərimizin xatirəsi həmişə əziz tutulur, adları əbədiləşdirilir. Onların xatirəsinə ucaldılan abidə bütün şəhidlərimizin ruhuna hörmət və ehtiramın ifadəsidir. Ölkəmizdə müharibə iştirakçıları və şəhid ailələri dövlət qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid ailələrinə mənzillər verilir, onlar üçün evlər tikilir, sosial problemləri həllini tapır.
Ali Baş Komandan çıxışlarında dönə-dönə vurğulayır ki, torpaqlarımız düşmən tapdağından azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Belə bir əminlik ifadə olunub ki, Şəhidlər Parkı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, tanınmış xeyriyyəçi Xudayar Rəhimov, şəhid atası Əziz Ağayev, kənd sakini Zaur Niftiyev, kənd məktəbinin müəllimi Lalə İsrafilova və başqaları şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışaraq əbədiyyətə qovuşmuş döyüşçülərə və onların doğmalarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə Gəyəçöl məktəblilərinin ifasında təqdim olunan ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.