MDU-nun rektoru Qırğız İqtisad Universitetinin yubiley mərasimində iştirak edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin (KEU) 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, yubiley tədbirinə Qırğız Respublikasının Baş nazirinin müavini, ölkənin təhsil və elm naziri, dövlət rəsmiləri, yerli və xarici universitetlərin rektorları və digər qonaqlar qatılıblar.
Rektor Şahin Bayramov yubiley mərasimində çıxış edərək KEU-nun zəngin ənənələrə və müasir vizyona malik olduğunu deyib. Universitetin Qırğız Respublikasının ali təhsil sistemində özünəməxsus və innovativ mövqeyi ilə fərqləndiyini vurğulayan rektor bu ali təhsil müəssisəsi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və kollektiv üzvlərinə yubiley təbriklərini çatdırıb.
Tədbir çərçivəsində, həmçinin KEU-nun professor-müəllim heyətinin elmi və tədris-metodiki işlərinin sərgisi keçirilib.
Qeyd edək ki, MDU və KEU arasında əməkdaşlığın əsası 2022-ci ilin sentyabrın 16-da Bişkekdə Dünya Rektorlar Forumunda hər iki ali təhsil müəssisəsinin rəhbərləri tərəfindən anlaşma memorandumunun imzalanması ilə qoyulub.