Məcburi köçkünlərin hüquqlarının müdafiəsi Avropa İttifaqının xüsusi layihəsi çərçivəsində müzakirə olunub
Bakı, 30 aprel, AZƏRTAC
Ombudsman Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova Avropa İttifaqının “İnsan hüquqları və münaqişələr” adlı xüsusi layihəsi çərçivəsində Kiyevdə “Məcburi köçkünlərin hüquqlarının təbliği və müdafiəsində milli insan hüquqları institutlarının rolu” mövzusunda seminarda iştirak edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi tərəfindən keçirilən tədbirdə Avropa ombudsmanları ilə yanaşı, BMT-nin İnsan Hüquqları və Qaçqınlar üzrə Ali komissarlıqlarının, Avropa İttifaqının, Avropa Şurasının və digər beynəlxalq qurumların xüsusi nümayəndələri iştirak ediblər.
Turan Cahangirova seminarın proqramına uyğun olaraq mövzular üzrə müzakirələrdə iştirak edib, qaldırılan məsələlər, ölkə təcrübəsi və təsisatda bu istiqamətdə görülən digər işlər barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Ombudsmanın nümayəndəsi, eyni zamanda, Avropa İttifaqının sözügedən layihəsi üzrə BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Sesilia Jimenez-Damarinin iştirakı ilə məşvərət qrupunun iclasında məruzə ilə çıxış edib. O, Ermənistanın təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunduğunu, Azərbaycanın keçmiş sovet respublikaları arasında qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk ölkələrdən olduğunu, bir milyondan artıq azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu və hələ də pozulmaqda davam etdiyini bildirib, artıq dünya ictimaiyyətinin qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması sahəsində tanıdığı Azərbaycan modelinin xüsusiyyətlərini diqqətə çatdırıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 1.9-cu bəndinə müvafiq olaraq hazırlanan “Böyük Qayıdış” proqramının başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa müddət ərzində böyük dağıntılardan bərpa olunması, həmçinin bu qayıdışın davamı olaraq Ağdərə rayonunun azad edilmiş torpaqlarında Şıxarx kəndi ətrafında yeni şəhərciyin salınması, burada sürətli tikinti-abadlıq işlərinin aparılması, sosial-texniki infrastrukturun yaradılması, yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasının Azərbaycan xalqının birliyinin göstəricisi olduğu xüsusi vurğulanıb.
Ombudsmanın nümayəndəsi qaçqın və məcburi köçkünlərin hüquqlarının səmərəli müdafiəsi, o cümlədən BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər Prinsiplərinin qəbul olunmasının 20 illiyi münasibətilə hazırlanan 2018-2020-ci illər üzrə Fəaliyyət Planının implementasiyası və əlaqələndirilməsi istiqamətində bir sıra təkliflər səsləndirilib.