Məcnun Məmmədov: “Caspian Agro Week” beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir
Bakı, 5 may, AZƏRTAC
“Caspian Agro Week” dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week”in açılış mərasimində çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Məcnun Məmmədov qeyd edib ki, “Caspian Agro Week” yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir.
“Bu il tədbirin “Caspian Agro Week” formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır. Sərgi həftəsi çərçivəsində bu il bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri və rəsmi nümayəndə heyətlərinin iştirak etməsi tədbirin beynəlxalq əməkdaşlıq platforması kimi əhəmiyyətini və aqrar sahədə tərəfdaşlıq imkanlarının genişləndiyini bir daha sübut edir. Əminəm ki, sərgi çərçivəsində keçiriləcək görüşlər və müzakirələr yeni tərəfdaşlıqların qurulmasına, innovativ təşəbbüslərin təşviqinə və aqrar sektorun davamlı inkişafına mühüm töhfə verəcək”, - deyə nazir qeyd edib.