RƏSMİ XRONİKA
“MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ BAKI FORUMUNUN İŞTİRAKÇILARINA
Hörmətli forum iştirakçıları!
Sizi Beynəlxalq Bakı Forumunun öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza uzun ömür, cansağlığı və uğurlar arzulayıram.
Sizin forumun Şərqlə Qərbin mədəni dəyərlərini özündə cəmləşdirən və əsrlərdən bəri bu sivilizasiyaları tarixi İpək Yolu boyunca körpü kimi birləşdirən Azərbaycanın paytaxtında keçirilməsi rəmzi məna daşıyır. Mədəniyyətlərarası dialoq sahəsində zəngin təcrübəyə malik olan və yüksək tolerantlığı ilə seçilən ölkəmizdə qadınlar daim cəmiyyəti düşündürən problemlərin həlli istiqamətində nəzərəçarpacaq xidmətlər göstərmişlər.
Qadınlar dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın və dinc yanaşı yaşamanın ən böyük təminatçısı olmuşlar. Onlar gələcək nəsillərin maraqlarının müdafiəsi naminə səylərini bu gün də əsirgəmir, beynəlmiləl zəmində ölkələrin və mədəniyyətlərin bir-birini daha yaxşı tanımaları üçün qüvvələrini səfərbər edirlər. Daim əməkdaşlığın tərəfdarı olan qadınlar, sözsüz ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.
Sürətlə qloballaşan müasir dünyada sivilizasiyaların dialoqunun intensivləşdirilməsi yolunda siyasətçilərin, alimlərin, din və mədəniyyət xadimlərinin, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrinin qarşısında geniş perspektivlər mövcuddur. Məhz onların məqsədyönlü və rasional fəaliyyəti nəticəsində bəşəriyyət mədəniyyətlərin qarşıdurması təhlükəsini dəf edərək dialoqun uğurlu nəticələrinə nail ola bilər.
İnanıram ki, Bakı forumu qadınların mədəniyyətlər arasında dialoqda rolunun genişləndirilməsi işinə təkan verəcək və hər birinizin həyatında yaddaqalan hadisəyə çevriləcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2008-ci il.