Məhərrəm Sultanzadə: Komandamızın yarışlarda yüksək səviyyədə çıxış etməsi üçün bütün imkanlardan istifadə edirik
Bakı, 24 yanvar, AZƏRTAC
Koronavirus pandemiyası ilə bağlı yarışlarda fasilə yaranmışdı və iki il ərzində qapalı məkanlarda turnirlər keçirə bilmirdik. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin köməyi ilə 2022-ci ildə ilk yarışımız reallaşdı. Belə ki, Bakı çempionatı və 2007-2008-ci illər təvəllüdlü oğlanlar və qızlar arasında Bakı birinciliyi keçirildi. Yarış yüksək səviyyədə təşkil edildi və idmançıların öz potensiallarını üzə çıxarması üçün hər bir şərait yaradıldı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə deyib.
Qeyd edib ki, idmançıları qarşıda bir sıra məsul yarışlar gözləyir. Belə ki, yanvarın 27-28-də Əməkdar məşqçi idman ustası Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir, fevralda Azərbaycan çempionatı və birincilikləri olacaq. Belqradda gənclər arasında Balkan çempionatı, daha sonra dünya çempionatının keçiriləcəyini bildirən federasiya rəsmisi yayda ABŞ-da dünya, Almaniyada Avropa çempionatlarının təşkil ediləcəyini vurğulayıb.
Baş katib bu il Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunları və İsraildə təşkil ediləcək yeniyetmələrin Avropa birinciliyində, eləcə də Avropa Gənclərinin Yay Olimpiya Festivalında (2006-2007) komandamızın iştirakının planlaşdırıldığını bildirib: “Komandamızın yarışlarda yüksək səviyyədə çıxış etməsi üçün bütün imkanlardan istifadə edirik. Əminik ki, idmançılarımız turnirlərdə öz potensiallarından maksimum istifadə edəcəklər”.