CƏMİYYƏT
Məktəblərdə dayanıqlılıq mövzusunda seminarlar keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dayanıqlılığın təşviqi və bu istiqamətdə praktiki həllərin təbliği üzrə fəaliyyətin bir hissəsi olaraq orta məktəb şagirdləri üçün seminarlar keçirilib.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, seminarların əsas məqsədi yeniyetmə və gənclərə iqlim dəyişmələrindən qaynaqlanan problemləri aşılamaq, həmin problemlərin ünvanlanmasında cəmiyyətin hər bir nümayəndəsinin üzərinə düşən rolu və öhdəlikləri vurğulamaq, eləcə də ətraf mühitin mühafizəsinə töhfə vermək üçün ekoloji baxımdan düzgün qərarların verilməsinə çağırış etməkdir. Seminar çərçivəsində məktəb şagirdləri Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq iqlim təşəbbüsləri və sazişlərinin qlobal iqlim siyasətinə təsiri və bu kimi digər mövzularda ətraflı məlumatlandırılıblar.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Dayanıqlılıq departamentinin mütəxəssisləri tərəfindən təşkil edilən seminarda müxtəlif şəhər orta məktəblərinin 8-9-cu sinif şagirdləri iştirak ediblər. Əməliyyat Şirkətinin nümayəndələri seminar çərçivəsində, həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransının mahiyyəti və əhəmiyyəti haqqında məlumatları bölüşüblər.
Sessiyanın sonunda şagirdlər üçün sual-cavab sessiyası və iqlim fəaliyyəti mövzusunda davranışlarını inkişaf etdirmək məqsədilə interatkiv oyunlar keçirilib.