Məktəblilər arasında güllə atıcılığı üzrə keçirilən yarışın qalibləri mükafatlandırılıb
Bakı, 23 yanvar, AZƏRTAC
Paytaxt məktəbliləri arasında elektron güllə atıcılığı üzrə rayon turniri keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 234 nömrəli tam orta məktəbdə təşkil olunmuş yarışın əsas məqsədi şagirdlərin güllə atıcılığı sahəsində qabiliyyətini üzə çıxarmaq və gənc nəsil arasında vətənpərvərliyi təbliğ etməkdən ibarətdir.
Xəzər rayonu üzrə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən yarışda ümumilikdə 30 komanda iştirak edib. Yarışın nəticələrinə əsasən, 234 nömrəli tam orta məktəbin komandası I, 26 nömrəli tam orta məktəbin komandası II, 181 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.