Məktəblilər üçün elmi-maarifləndirici tədbir
Bakı, 11 fevral, AZƏRTAC
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Rusiya Elm Gününə həsr olunmuş VI-VIII sinif şagirdləri üçün “Açıq laborator işi” adlı elmi-maarifləndirici tədbir keçirilib.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, tədbir “Təhsil Layihələri Laboratoriyası” təşkilatı və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.
İnstitutun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru Fizuli Nəsirovun və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin baş mütəxəssisi Yelena Şişkalovanın iştirakı ilə keçirilən tədbirdə Bakı məktəbliləri astronomiya, antropologiya, biologiya, coğrafiya, fizika və kimya sahələrində biliklərini test üsulu ilə sınamaq imkanı əldə ediblər.
Müsabiqənin qalibləri 27 nömrəli məktəbin şagirdləri Rəsul Cəfərov, Nicat Fərəczadə və 189-190 nömrəli məktəbin şagirdləri Şahin Ələkbərov, Alina Tixonenko və Fuad Nağıyev olublar.
Sonra məktəblilər NKPİ-də akademik Yusif Məmmədəliyevin memorial muzeyi ilə tanış olublar.