Məktəblilərə Tarix Muzeyinin materialları haqqında məlumat verilib
Bakı, 12 oktyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı və muzeyin meneceri Kübra Dadaşova məktəb-muzey əlaqələrini genişləndirmək məqsədilə Füzuli rayon 1 nömrəli tam orta məktəbdə olublar.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə Q.Qafarlı şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında milli-mənəvi dəyərlərimizin əksi" mövzusunda mühazirə oxuyub. O, slaydlar vasitəsilə muzeyin yerləşdiyi bina, onun tarixi, muzeyin strukturu, ekspozisiyası və fondlarının materialları haqqında məlumat verib.
Sonra şagirdlərin sualları cavablandırılıb. Muzeyin nəşrləri məktəbin kitabxanasına hədiyyə olunub.