Məktəblilərə zəlzələ zamanı davranış qaydaları öyrədilib
Bakı, 20 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin 93 illiyi münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSMX) tərəfindən həyata keçirilən “Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları” layihəsi çərçivəsində akademik Zərifə Əliyeva adına liseydə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, liseyin direktoru Mehriban Vəliyeva, RSXM-in şöbə müdiri Etibar Qaravəliyev tədbirdə çıxış edərək, məktəblilərin zəlzələlərlə bağlı maarifləndirilməsinin əhəmiyyəti haqqında danışıblar.
Tədbirin praktik hissəsində şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” yaradılıb. Şagirdlərə zəlzələ baş verən zaman necə qorunmalı olduqları, xilasetmə qrupları tərəfindən şagirdlərin fəlakət zonasından təxliyəsi, zəlzələ zamanı düzgün mövqe tutmaq qaydaları, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi və digər təxirəsalınmaz qəza-bərpa işlərinin vaxtında və düzgün icrası əyani şəkildə göstərilib. Tədbirdə zəlzələ zamanı davranış qaydaları haqqında məktəblilərə məlumat verilib, onların sualları cavablandırılıb.
Layihə çərçivəsində tədbirlər davam etdiriləcək.