“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib
Bakı, 16 iyun, AZƏRTAC
Bakı şəhərində “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 58-i bu qurumun tabeliyindəki ümumtəhsil müəssisəsi, 2-si gimnaziya, 2-si internat, 2-si idman məktəbidir. Hazırda layihə üzrə 300 əməkdaş fəaliyyət göstərir.
“Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqə, 200-dən çox məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində tədbir həyata keçirilib.
Həmçinin layihəyə daxil olan bütün məktəblərdə fövqəladə vəziyyətlərə hazırlığa dair monitorinqlər aparılıb, bütün siniflər üzrə yanğın vəziyyəti ilə bağlı nəzəri təlimlər reallaşdırılıb və vətənpərvərlik mövzusunda müxtəlif irimiqyaslı tədbirlər keçirilib.
Mövcud tibbi-profilaktik vəziyyətlə əlaqədar bir sıra məktəblilərarası yarışlar onlayn təşkil olunub. Belə ki, “Fibonacci” intellektual yarışları keçirilib. Bununla yanaşı, “Məktəblinin dostu” layihəsi, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə də təşkil olunub.