“MƏNİM 20 YAŞIM VAR” ADLI AKSİYA KEÇİRİLMİŞDİR
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin (ATGTİ) təşkilatçılığı ilə “Mənim 20 yaşım var” adlı aksiya keçirilmişdir.
Müxtəlif ali məktəblərin 100-dən çox 1990-cı il təvəllüdlü tələbənin, o cümlədən könüllülərin iştirak etdiyi aksiya metronun “Elmlər Akademiyası” stansiyasının qarşısından start götürərək Şəhidlər xiyabanına doğru davam etmişdir. Yürüş zamanı 20 Yanvar faciəsi ilə bağlı hazırlanmış bukletlər paylanmışdır. Sonra aksiya iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüşlər.
ATGTİ-nin sədri Şahin İsmayılov demişdir ki, sovet imperiyasının 1990-cı ildə Bakıda törətdiyi qanlı qırğının 20-ci ildönümüdür. Bu, 147 azərbaycanlının şəhid, 700-dən çox soydaşımızın əlil olduğu, milyonlarla manat dəyərində dövlət və ictimai əmlakın məhv edildiyi qanlı tariximizdir. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməldir.
İslam Universitetinin tələbəsi Məcid Musayev bildirmişdir ki, universitetlərdə təhsil alan tələbələr 20 Yanvar faciəsini unutmamışlar. Aksiyanın keçirilməsinin məqsədi də elə budur. Burada bütün universitetlərin nümayəndələri vardır. Bu faciə insanlığa qarşı törədilmiş vəhşilikdir. Mənim aksiyada iştirakım insanlıq borcumdur.
Bakı Dövlət Universitetinin tələbəsi Sitarə Cabbarlı isə belə demişdir:
-Deyirlər ki, insan Vətənini, valideynlərini və doğum tarixini özü seçmir. Ağlım kəsəndən həmişə fikirləşmişəm ki, niyə görəsən mənim doğum tarixim məhz bu tarixə - yəni, 1990-ci ilə düşmüşdür. 1990-cı il 20 Yanvar gecəsində dünyaya gələn uşaqlar məhz şəhidlərin yerinə böyük Tanrının göndərdiyi bir təsəllidir. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz bu borcun öhdəsindən şərəflə gəlməliyik. Bu gün aksiyaya qoşulmağımın səbəbi də budur. Düşünürəm ki, bu faciəni dünya ictimaiyyətinə çatdırmaqda, 20 Yanvar hadisələrinin araşdırılmasında bizim də rolumuz olmalıdır.
######
![]() |
![]() |
![]() |


