Məntəqə sədri: Seçki prosesinin mütəşəkkil və şəffaf keçirilməsi üçün hərtərəfli şərait yaradılıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
AZƏRTAC xəbər verir ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində vətəndaşlar səhər saatlarından etibarən namizədlərinə səs verirlər. Məntəqə üzrə 1197 seçici qeydə alınıb. Onlardan ikisi seçkidə ilk dəfə səs verən vətəndaşlardır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasında yerləşən bu məntəqədə Milli Məclisə seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib.
Məntəqə seçki komissiyasının sədri Rahilə Ramazanova bildirib ki, bundan əvvəlki seçkilərdən sonrakı dövr ərzində qeydiyyatdan çıxan olmayıb. Onun sözlərinə görə, daşınan qutu üçün məntəqəyə müraciət edilməyib. Seçicilər azad, sərbəst və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər.
Məntəqə sədri seçki prosesinin mütəşəkkil və şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edildiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.