Mərakeş Krallığının ölkəmizdəki səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 6 mart (AZƏRTAC). Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Cəfər Cəfərov institutun yaranma tarixi, dünyanın nüfuzlu universitetləri ilə əlaqələri, beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı, ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında ikili diplom təcrübəsindən danışmışdır. Bu ilin əvvəlində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başladığını diqqətə çatdıran rektor, Şimali Afrikanın ekzotik mənzərəsinin ünvanı sayılan Mərakeşin dünyada yay və qış turizm diyarı kimi məşhur olduğunu bildirmişdir.
Maraqlı görüşə və ölkəsi haqqında xoş sözlərə görə minnətdarlığını bildirən Həsən Hami Mərakeşin dövlət universitetlərinin təhsil sahəsində ATİ ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.
Diplomat, həmçinin ATİ-nin turizm sənayesi üçün kadr hazırlığı sahəsində ixtisaslaşdığını, Mərakeş universitetləri ilə etibarlı tərəfdaş ola biləcəyinə əminliyini ifadə etmişdir. Bildirmişdir ki, ölkəsinin strateji inkişaf proqramında dünyanın turizm üzrə ilk iyirmilik qrupunda Mərakeşin öncül yer alması əsas hədəf seçilmişdir.
Tanışlıq xarakteri daşıyan görüşdə səfir Kasablanka Universitetinin İsveçrənin Gilion Universiteti, eləcə də Cenevrənin Otel Məktəbi arasında turizm təhsili sahəsində əməkdaşlıq müqaviləsi imzaladığını da diqqətə çatdırmışdır.