Mərakeş qəzetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə dair məqalə dərc edilib
Rabat, 7 yanvar, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində baş redaktor Əhməd Mitçunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən, milli birlik dəyərlərinə hörmət hisslərini özündə təcəssüm etdirən və xaricdə yaşayan soydaşlarla əlaqələrin gücləndirilməsinə töhfə verən 31 dekabr - Həmrəylik Günü Azərbaycan xalqının hər il qeyd etdiyi ənənəvi bayramlardan biridir. 2002-ci il dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin müraciətində qeyd edilib ki, bu milli birlik və həmrəylik bayramı azərbaycanlıların tarixi köklərə bağlılığının, milli yüksəlişinin, azadlıq mübarizəsinin qanunauyğun nəticəsi kimi meydana çıxmaqla yeni tarixi şəraitdə onun mənəvi dirçəlişini və tərəqqisini əks etdirir.
Müəllif yazır ki, həqiqətən də XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublikanı yaratmış Azərbaycan xalqı həmin əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni inkişaf yoluna başlayıb.
Qeyd edilir ki, min illər ərzində öz doğma və tarixi torpaqlarında yaşayan Azərbaycan xalqının nümayəndələri bir sıra səbəblər üzündən bir-birindən ayrılaraq dünyanın müxtəlif guşələrinə yollanıblar. Onlar Rusiya, Gürcüstan, İran, Türkiyə, Avropa və Amerikada öz icmalarını yaradıblar. Ölkədən kənarda bir-birilərinə yaxınlaşmaq istəyi nəticəsində onların həmrəylik şüuru daha da güclənib.
Vurğulanır ki, müxtəlif sahələrdə yerli peşəkar kadr potensialının yaradılması, xüsusilə ölkənin inkişafı və cəmiyyətin dirçəlişi üçün əsaslı sayılan elmi tədqiqat sahəsində kadrların hazırlanması daim Heydər Əliyevin diqqət mərkəzində olub. Bunun nəticəsində daha sonra ölkənin elmi tərəqqisinə töhfə vermiş yüzlərlə tələbə Avropa, Amerika və digər ölkələrə göndərilib. Heydər Əliyevin əsasını qoyduğu kursun davamı olaraq Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər il Azərbaycan xalqını təbrik edir.
Məqalənin sonunda qeyd olunur ki, Azərbaycanın Mərakeşdəki səfirliyində Həmrəylik Günü münasibətilə qəbul keçirilib. Səfir Oktay Qurbanov çıxışında xaricdə yaşayan soydaşlar arasında əlaqələrin qurulması, milli birliyə hörmət və məhəbbət hisslərinin gücləndirilməsi baxımından bu bayramın xüsusi rol oynaması və onun bütün dünyadakı azərbaycanlılar tərəfindən böyük rəğbətlə qeyd edilməsi barədə danışıb.
Yazıda diqqətə çatdırılır ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat