Mərcan gözlü Batabatın qış nağılı VİDEO
Naxçıvan, 5 fevral, Nail Əsgərov, AZƏRTAC
“Mən turist olsaydım” rubrikası: Batabat yaylağı.
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşən Batabat yaylağı hər mövsümdə turistlərin böyük maraq göstərdikləri məkanlardan biridir. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Batabat gölündəki “Üzən ada”, “Zorbulaq” görənləri heyran edir. Gölün ümumi su tutumu, təqribən 3 milyon kubmetrdir.
Hər fəsil Batabatın bir başqa gözəlliyini, əsrarəngizliyini üzə çıxarır. Uca dağlarla əhatə olunmuş gölün qışda bəyaz libasa bürünməsi burada sükunət və hüzurla dolu qeyri-adi mənzərə yaradır. Batabatın ən böyük cazibəsi onun qışda üzərinin tamamilə buz bağlamasıdır. Bu mənzərəyə baxarkən, sanki təbiətin böyük bir güzgü yaratdığını hiss edirsən. Buzun altındakı dərin sükunət və üzərində gəzişən soyuq dağ küləyi insana şəhərin səs-küyünü unutdurur.
Ağ örpəyə bürünən Batabatı üzük qaşı kimi dövrələyən “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” dağları isə yaylağın qış nağılını daha zəngin, rəngarəng, görkəmini daha vüqarlı və gözoxşayan edir. Bu təbiət gözəlinin ən gözəl təsvirini isə mərhum nəğməkar şairimiz İslam Səfərli yaradıb:
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Siz də qarlı, təmiz havada bol əylənərək istirahətinizi mənalı keçirmək, qış fəslini daha yadda qalan etmək istəyirsinizsə, mərcan gözlü Batabat ən doğru seçiminiz ola bilər.