İQTİSADİYYAT
Mərkəzi Bank Dayanıqlı Maliyyə üzrə Yol xəritəsini təsdiqləyib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2023-cü il 15 fevral tarixli qərarı ilə maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiq edilib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ESİ (ekoloji, sosial və idarəetmə) amillərindən yaranan risklərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallaşdırılmasıdır. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb və iqlim dəyişmələri və ESİ meyarlarının maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə, o cümlədən maliyyə institutlarının (bank, sığorta və kapital bazarı iştirakçıları) strateji qərarvermə və risklərin idarəedilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının formalaşdırılması və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılması üzrə tədbirləri əhatə edir. Ümumilikdə, yol xəritəsinin reallaşdırılması ölkədə sağlam, dayanıqlı və effektiv maliyyə sektorunun formalaşdırılmasına xidmət edəcək.