Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu tərəfindən akkreditasiyadan keçirilib
Bakı, 23 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb olunur. Laboratoriyaların akkreditasiyadan keçməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində zəruri tədbirlər görülür.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq heyvan xəstəliklərinin 39 parametri üzrə beynəlxalq akkreditasiyadan keçirilib. Bununla da, laboratoriya quş, at, iri və xırdabuynuzlu heyvan xəstəlikləri üzrə analizlərin molekulyar genetik, immunoferment və klassik müayinə metodları ilə aparılması üzrə səlahiyyətlərə malik olacaq. Həmçinin həmin akkreditasiya sertifikatı Mərkəzi Baytarlıq Laboratoriyasının sınaq nəticələrinin etibarlılığının beynəlxalq səviyyədə tanınmasını təmin edərək idxal-ixrac məsələlərində müsbət rol oynayacaq.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyasında patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir və laboratoriya mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Mərkəzi Baytarlıq Laboratoriyası Vetqas şirkəti, Pirbrayt İnstitutu, GD Animal və FAO tərəfindən təşkil edilən bir sıra xarici laboratoriyanın iştirak etdiyi səriştəlilik test proqramlarında uğurlu nəticələr göstərən laboratoriyalar sırasında olub.