CƏMİYYƏT
Meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi əsasən yanğından mühafizə məqsədini daşıyır
Bakı, 26 fevral, AZƏRTAC
Meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb. Bununla da həm yeni əkilmiş tinglərin qorunmasına, həm meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda, yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanov meşələrin bəzi hissələrində çəpərlənmə aparılacağı ilə bağlı məlumatı şərh edərkən deyib.
Nazirlik rəsmisi qeyd edib ki, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır: “Ötən il Yunanıstanda, ABŞ-ın Kaliforniya ştatında baş verən güclü yanğınlar və fəlakətlər buna bir sübutdur. Təəssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsızlığı nəticəsində meşə yanğınları baş verdi. Buna görə meşələrin giriş-çıxış çox olan sahələrində çəpərlənmə işləri aparılır.
Bir daha bildirirəm ki, meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq. Yəni az bir hissədə məftil sədlərdən istifadə ediləcək. Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir”.
S.Salmanov bildirib ki, ümumiyyətlə bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd təsərrüfatı Təşkilatının verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub.