“Məşğulluq haqqında” Qanunda dəyişikliklər birinci oxunuşda təsdiq edilib
Bakı, 14 dekabr, AZƏRTAC
“Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsində mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar irəli sürülür.
Qeyd edək ki, qanun layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.