Məşhur amerikalı “Conni Dollar” detektivi İranın radioefirinə qayıdıb
Bakı, 24 sentyabr, AZƏRTAC
1960-cı illərdə Şah Məhəmməd Rza Pəhləvi dövründə İranda farsca versiyada sadiq dinləyici auditoriyası tapan CBS kanalı tərəfindən hazırlanan “Səmimi-qəlbdən sizin, Conni Dollar” radio proqramı yenidən İran radiosuna qayıdıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, CBS-nin orijinal radio şousu 1949-1962-ci illərdə efirə çıxıb və Konnektikut ştatının Hartford şəhərindən olan müstəntiq Conni Dolların işlərinə həsr olunub. Serial müstəntiqin xərclərlə bağlı qeydlərinə əsaslanırdı, süjeti irəli aparmaq üçün Dollar dövrün detektiv hekayələrinə xas olan tipik transatlantik ləhcə ilə şahidlər və şübhəlilər ilə söhbət edirdi.
“Səmimi-qəlbdən sizin, Conni Dollar”ın İran versiyasında detektivin klassik xərclər hesabatının formatı dəyişdirilib, lakin yüngül nuar atmosferi, dramatik musiqi və ABŞ-da hadisələrin baş verdiyi yer saxlanılıb. Verilişlərin sonunda İran dövlət radiosu auditoriyanı hansı detalın günahkarı ortaya qoyduğunu yazmağa və izah etməyə dəvət edirdi, bunu doğru tapanların mükafat qazanmaq şansı olurdu.
Sərt siyasi xətt tərəfdarlarının nəzarətində olan telekanal “zəngin büdcəsi olan adamı” geri qaytarmaq qərarına gəlib, baxmayaraq ki, bu məzmunun peyda olunması izləyiciləri İran və ABŞ-ın inanılmaz dərəcədə yaxın münasibətlərə malik olduğu dövrə qaytarır. Yeni buraxılmış epizodlar isə gənc nəsli bir çox yaşlı iranlıların onilliklər boyu rəğbət bəslədikləri personajla tanış edir, bu, üç atəş səsi və Conni Dolların telefon zənginə cavab verməsi ilə başlayan epizodun səsləndirilməsində özünü göstərir.
Yeni epizodların rejissoru Ayub Ağaxani dövlət televiziyasına bildirib ki, o, radio verilişlərinə daha çox tamaşaçı cəlb etmək üçün mövcud farsca tərcümələr əsasında epizodları çəkməyə qərar verib. Rejissor bunu onunla izah edib ki, insanlar Conni Dollar haqqında ya atalarından, ya da babalarından eşidiblər. O əlavə edib: “Mən öyrəndim ki, 20-30 yaşlı tələbələrə proqrama giriş ifadəsi tanışdır”.
İndiyədək dövlət radiosu 9 seriya yayımlayıb və daha 17 seriyanı efirə buraxmağı planlaşdırır.