MƏTYU BRAYZƏ: “BİZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİRİK”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə iyunun 3-də XV Beynəlxalq Xəzər neft və qaz sərgi-konfransı münasibətilə təşkil edilmiş qəbulda AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində demişdir: “Biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və onu dəstəkləyirik. İndi biz problemin siyasi razılaşma yollarını axtarırıq”.
Həmsədr ümid etdiyini bildirmişdir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü münaqişənin həlli istiqamətində yeni mərhələ açacaqdır. Onun sözlərinə görə, həmsədrlər prezidentlər arasında danışıqlar üçün yaxşı şərait yaradılmasına yalnız kömək edə bilərlər.
Amerikalı diplomat demişdir: “Mən belə hesab edirəm ki, həm Azərbaycan xalqı, həm də erməni xalqı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir”.