MƏZUNLAR 50 İLDƏN SONRA GÖRÜŞMÜŞLƏR
Akademiyanın bir neçə auditoriyasında tələbələrlə görüşən məzunlar, burada yaradılmış muzeylə tanış olduqdan sonra xatirə kitabına ürək sözlərini yazmışlar.
ADNA-nın rektoru, AMEA-nın müxbir üzvü, professor Siyavuş Qarayev qonaqları salamlamış və geoloji kəşfiyyat fakültəsi məzunlarının ötən 50 il ərzində Azərbaycan elminə, təhsilinə, iqtisadiyyatına verdiyi töhfələrdən danışmışdır. O bildirmişdir ki, AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, professorlar Rüstəm Babayev, Aydın Məmmədov, Akif Əliyev, İbrahım Abbasov, şair Oqtay Rza və başqaları 50 il əvvəl məhz bu fakültədə təhsil almışlar.
Çıxış edən məzunlardan akademik Akif Əlizadə, alim-şair Oqtay Rza, geoloq alimlər İ.Abbasov, M.Əsədov, R.Əzizova, X.Əlizadə və digərləri müstəqil Azərbaycanın günbəgün inkişaf edib çiçəklənməsində geoloqların mühüm rolunu vurğulamış, xatirələrini dilə gətirmiş, tələbələrə uğurlar arzulamışlar.
ADNA-nın müəllimi Ş.Pənahi, geoloji kəşfiyyat fakültəsinin dekanı M.Abbasov və III kurs tələbəsi T.Abdullayev çıxış etmişlər.
X X X
AMEA-nın Yer haqqında elmlər bölməsinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Dövlət Neft Şirkəti, Geologiya İnstitutu, ADNA, Rusiya Beynəlxalq Geointer Akademiyası və digər təşkilatların nümayəndələri iştirak etmişlər.
AMEA-nın Yer elmləri bölməsinin akademik-katibi, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə tələbə yoldaşlarını salamlayaraq, xatirələrini danışmışdır.
Bildirmişdir ki, o dövrün müəllim və tələbə nəsli öz nəzakəti, təhsilə ciddi münasibəti, davranış qaydaları və s. keyfiyyətləri ilə yadda qalmışdır. Müəllimlərin tələbələrə diqqətini, qayğısını, tələbələrin müəllimlərə hörmətini, məhəbbətini o dövrün unudulmaz ab-havası kimi xatırlayan akademik, bu hisslərin onları heç zaman tərk etməyəcəyini söyləmişdir.
Geologiya İnstitutunun alimləri – Fikrət Matanovun, Xalidə Əlizadənin, Yelena Yemelyanovanın, Rüstəm Babayevin və Aydın Məmmədovun, Rusiya Beynəlxalq Geointer Akademiyasının üzvü İbrahim Abbasovun tələbəçilik dövrünə aid danışdıqları əhvalatlar maraqla dinlənilmişdir.
Məzunlar 30 il bundan əvvəlki görüşün videolentinə tamaşa etmiş, 5 il sonra görüşmək arzusu ilə ayrılmışlar.