Mil-Muğan bağlarında payız-qış budamasına başlanılıb VİDEO
İmişli, 8 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Mil-Muğan bölgəsində bağlarda budama işləri aparılır. Ağacların üzərindəki qurumuş və yararsız hissələr kəsilərək götürülür. Məqsəd gələcəkdə ağaclardan bol məhsul toplamaqdır. İmişlidən olan bağbanlar da iş başındadırlar, budama ilə yanaşı, ziyanvericilərə qarşı dərmanlama da aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, payız-qış mövsümünü əhatə edən və 10 gündən çoxdur başlayan budama işləri fevral ayına qədər davam edə bilir. Ağacların şirə verimi dayananda, yuxu dövründə budama işləri görülür. Bağban Azər Rzayev deyir ki, lazımsız, quru budaqların kəsilməsi meyvə budaqlarının daha yaxşı qidalanmasına və inkişafına yol açır. “Budama işləri zamanı əsasən yan və iç budaqlar kəsilir ki, Günəş şüası yaxşı düşsün. Hər meyvə ağacının özünün budama üsulu var. Şaftalı, ərik, alça, gavalı sortları - hər biri fərqli budanır. Budama zamanı əsasən tacşəkli üsul daha yaxşı olur. Bununla yanaşı, bağlarda dərmanlama işləri də aparırıq. Qış mövsümünə uyğun olaraq ağaclara mis-sulfat, yəni “göydaş” vurulması daha məsləhətlidir. Bu dərmanlama ağaclarda olan göbələk xəstəliklərinin qarşısını alır. Hava şəraiti şaxtalı keçəndə ağacdakı kəsilən budaq hissənin diametri böyük olanda bu, ağac üçün təhlükə ola bilər. Belə hallarda ağacları infeksiyadan qorumaq üçün ağacın budanan hissəsində yarana biləcək təhlükəyə qarşı tədbir görülür", - deyə bağban bildirib.
Mütəxəssis Seymur Əsədov isə qeyd edib ki, budama işləri bağlarda xəstəlik və zərərvericilərin qarşısının alınması üçün çox vacibdir. "Ağaclar budanmayanda xəstəlik və zərəvericilər artır. Zərərvericilər xüsusən də ağacın qurumuş budaqlarında qalaraq inkişaf edir. Bu da həm məhsuldarlığa mənfi təsir edir, həm də məhsulun keyfiyyətini aşağı salaraq, itkiyə səbəb olur. Çəyirdəkli meyvə ağacları və tumlu meyvə ağacları “bordo” mayesi ilə dərmanlanmalı, 2-3 gün sonra isə ağaclar xüsusi məhlulla yağlanmalıdır. Ona “yağ qarışımı” deyirik. Bu məhlul ağaca daha öncədən vurulan “bordo” mayesinin şaxtalı və yağışlı havada yuyulub getməsinin qarşısını alır və donvurmanı azaldır", - deyə mütəxssis söyləyib.
Mütəxəssislər, həmçinin bildirirlər ki, vaxtında və düzgün aparılan qulluq işləri növbəti mövsümdə məhsulun həm həcmini, həm də məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır. Bu proses təkcə cari ilin deyil, bağın uzunmüddətli sağlamlığının qorunması baxımından da strateji əhəmiyyət kəsb edir. Bölgənin iqlim şəraitinə uyğun tətbiq edilən aqrotexniki tədbirlər Mil-Muğan bağlarında bol və keyfiyyətli məhsul əldə etməyə səbəb olacaq.