Milan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir
Bakı, 3 mart (AZƏRTAC). Martın 2-də Milan şəhərində Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və bu ölkədə fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə “Orizon” mədəniyyət təşkilatının nümayəndəsi Vinçenza Aurilio, “Sant Egidio” icmasının təmsilçisi Rikkardo Mauri və “Nous” qeyri-hökumət təşkilatının prezidenti Barbara Alessandrini çıxış edərək Xocalı soyqırımı ilə bağlı məlumat vermiş və faciə ilə bağlı öz fikirlərini bölüşmüşlər.
Daha sonra Azərbaycan və dünya klassiklərinin musiqi parçaları ifa olunmuşdur. İtaliyalı tenor David Qualtiyeri Xalq Şairi Məmməd Arazın italiyan dilinə tərcümə olunmuş şeirlərini ifa etmişdir. O, həmçinin özünün Xocalı soyqırımına həsr etdiyi şeirini oxumuşdur. “Qospel Valmadera Qardaşları” xoru tərəfindən dini musiqi parçaları ifa olunmuş və “Orizon” rəqs qrupunun ifasında Xocalı faciəsini əks etdirən xoreoqrafik səhnəcik nümayiş etdirilmişdir.
Mərasimdə, həmçinin Xocalı soyqırımının şahidləri olmuş uşaqlar tərəfindən çəkilmiş rəsmlər nümayiş etdirilmişdir.
Tədbirdə İtaliya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və Azərbaycanın Romadakı səfirliyinin əməkdaşları iştirak etmişlər.