Milli Azərbaycan Tarixi Muzeyində dərviş kəşkülləri qorunur
Bakı, 22 aprel, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda sufi-dərvişlərə aid kəşküllər saxlanılır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda XVII-XIX əsrlərdə geniş yayılmış təriqət mənsubu dərvişlər kəşkül adlanan dərviş çantası daşıyırdılar. Az yemək yeyən, sadə və ucuz geyimlərlə kifayətlənən dərvişlər üçün kəşkül dünyanın maddi nemətlərindən imtina etmək və aza qane olmağın rəmzi hesab olunurdu.
Kəşküllər, əsasən, hind qozunun qabığından, bəzi hallarda isə misdən hazırlanırdı. Muzeyin Etnoqrafiya fondunda olan materiallar göstərir ki, Azərbaycanda kəşküllər əsasən çarığabənzər, bəzən isə oval formada olub. Çarığabənzər kəşküllərin ağız hissəsi ürək formasındadır. Sufi təliminə görə, yalnız irfani, əxlaqi təkamül, yəni, insanın ruhi kamilliyə, ilahi eşqə çatması üçün qəlbin islah edilməsi əsas dəyər kimi qəbul edilirdi. Bu baxımdan sufi ideologiyasının mərkəzində qəlb dayanır. Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, dosent Tural Şiriyevə görə, bəzi kəşküllərin ağız hissəsinin ürək formasında hazırlanması məhz bu məzmunu simvolizə edir.
Bu əşyaların yüksək bədii zövqlə, milli ornamentlərlə bəzədilməsi də diqqəti cəlb edir. Üzərində dekorativ üsullarla zəngin nəbati naxışların təsvir edilməsi fondda qorunan kəşküllərin spesifik cəhətlərindəndir. Xüsusən misdən hazırlanan kəşküllərin üzərində döymə və cızma üsulu ilə milli ornamentlərdən istifadə edilib, dərviş məişətinin müxtəlif məqamlarını əks etdirən səhnələr, eləcə də ərəb dilində sufilik təliminə uyğun sözlər həkk edilib.